Şriftin ölçüsü :

Saytın rəngi :

“Mənim ailəm” beynəlxalq gənclər festivalının açılışı

30 avqust 2017 | 16:00

    2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakən rayonunda “Mənim ailəm” adlı beynəlxalq gənclər festivalı başlayıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda MDB-yə üzv ölkələrdən və Gürcüstandan, eləcə də Azərbaycandan 20-dək gənc ailə iştirak edir.
   Avqustun 29-da Balakən şəhərindəki “Qubek” otelinin konfrans zalında festivalın təntənəli açılış mərasimi olub. Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov çıxış edərək “Azərbaycanın Gənclər Paytaxtı” çərçivəsində Balakən rayonunda həyata keçirilən mədəni-kütləvi tədbirlər, idman yarışları barədə məlumat verib.
   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, beynəlxalq gənclər festivalının rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu vurğulayıb.
   Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova Azərbaycanda ailə dəyərlərinin qorunmasına xüsusi önəm verildiyini, gənc ailələrlə bağlı silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu mövzuda beynəlxalq festival ölkəmizdə ilk dəfədir keçirilir. Festivalın keçirilməsində əsas məqsəd gənclər arasında ailə dəyərlərinin təbliğ olunması, gənc ailələrin fəallığının və sosial mövqeyinin gücləndirilməsi, onların səmərəli istirahətinin təmin edilməsi, həmçinin MDB-yə üzv ölkələr arasında beynəlxalq mədəni əlaqələrin inkişaf etdirilməsindən ibarətdir.
   Beynəlxalq gənclər festivalı dörd istiqamət üzrə keçirilir. Buraya yaradıcılıq və kulinariya müsabiqələri, “şən startlar” ailələrarası oyun və “Xəmsə” milli intellektual oyunu üzrə turnir daxildir. Festival çərçivəsində Balakən rayonunun və bölgənin tarixi məkanlarına ekskursiyalar da təşkil olunacaq.
   Beynəlxalq festivala avqustun 31-də yekun vurulacaq.

Keçidlər