Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə ötən tədris ilində təhsil sahəsində uğurlu nəticələr əldə olunub.

08 sentyabr 2017 | 16:00

   Sentyabrın 8-də Balakən rayon Mədəniyyət Mərkəzində rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayon Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başlayıb.
   Konfransın hesabat məruzəsində 2016-2017-ci tədris ilində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən bəhs edilib.
   Bildirilib ki, rayonun təhsil işçiləri ötən tədris ilində gənc nəslin təlim-tərbiyəsi işində uğurlu nəticələr əldə ediblər. Ötən tədris ilində rayonda 48 ümumtəhsil məktəbi və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Rayonun ümumtəhsil məktəblərində təhsilə cəlb olunan 11 min 918 şagirdin təlim-tərbiyəsi ilə 1606 müəllim məşğul olub. Müəllimlərin 81 faizi ali təhsillidir. Məktəblərin 38-i birtipli layihə əsasında tikilib. On məktəb isə uyğunlaşdırılmış binalarda yerləşir. Hazırda ümumtəhsil məktəblərinin 70 faizi son on ildə tikilən və ya əsaslı təmir olunan, müasir avadanlıqla təchiz edilən binalarda fəaliyyət göstərir. Şagirdlərin 75 faizi həmin məktəblərdə təhsil alır. Hazırda rayonun məktəblərində şagirdlərin istifadəsində 668 ədəd müasir tipli kompüter var. Hər 17 şagirdə bir kompüter düşür. Məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətində işlər ötən tədris ilində də davam etdirilib. Sarıbulaq və Salban kəndlərində 40 və 20 şagird yerlik modul tipli yeni məktəblər quraşdırılır, Şərif kəndində 360 şagird yerlik məktəb binasında son tamamlama işləri görülür. Yeni dərs ili ərəfəsində məktəblərə bölgü əsasında 173 adda 32 min 262 ədəd dərslik və zəruri məktəb sənədləri paylanılıb.
   Diqqətə çatdırılıb ki, ali məktəblərə builki qəbul imtahanlarında rayon üzrə 341 məzun iştirak edib, onlardan 224-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında 28 məzun 500-600 bal arasında, 13 məzun isə 600 baldan yuxarı nəticə göstərib. Ötən tədris ilinin yekunlarına görə, 2 məzun Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb.
   Məruzə ətrafında Qaravəli kənd tam orta məktəbin direktoru Şərif Alqayev, gənc müəllim Elgün Balammədov və ali məktəblərə qəbul imtahanlarına 667 bal toplayan Fatima Keyserovskaya çıxış ediblər.
   Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyev müstəqillik dönəmində respublika təhsilində əldə edilən uğurlardan danışıb və qarşıda duran vəzifələri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev  rayonun pedaqoji kollektivinə yeni dərs ilində uğurlar arzulayıb. Qeyd olunub ki, cəmiyyətin siyasi-iqtisadi, sosial və mədəni inkişafının müəyyən edilməsində, mənəvi dəyərlərinin formalaşmasında təhsil strateji əhəmiyyətə malik mühüm fəaliyyət sahəsi hesab olunur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında son illər Azərbaycanda davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri olan təhsilin yeniləşdirilməsi, müasirləşdirilməsi, dünya təhsil məkanına inteqrasiya edilməsi sahəsində çox mühüm addımlar atılır, məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki,  respublikamızda, o cümlədən rayonumuzda təhsil yüksələn xətt üzrə inkişaf edir.
   Sonda builki qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara mükafatlar təqdim olunub.

Keçidlər