Balakən-Qazma-Darvazbinə avtomobil yolu cari ilin birinci yarısında istifadəyə veriləcəkdir
Azərbaycan Respublikası Prezidentinin “Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2012-ci il 18 mart tarixli Sərəncamına uyğun olaraq inşasına ötən ilin avqustunda başlanan Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi iş cədvəlinə uyğun davam etdirilir.
On altı min nəfər əhalinin yaşadığı 8 kəndi birləşdirən yolun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən rayon İcra Hakimiyyətinə üç milyon manat vəsait ayrılmışdır.
15 kilometrlik yolun 12 kilometrə yaxın hissəsinin tikintisi tam başa çatdırılmış, yola asfalt örtüyü döşənmişdir. Hazırda yolun qalan 3,4 kilometrlik hissəsində asfalt örtüyünün qoyulması üçün hazırlıq işləri görülür. Bundan əlavə, yolun üzərində 13 suötürücü də inşa edilmişdir. Avtomobil yolunun cari ilin iyununadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.