Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Beynəlxalq Müəllimlər günü qeyd olunub.

05 oktyabr 2017 | 16:00

5 oktyabr 2017-ci il tarixdə Balakən Rayon Təhsil Şöbəsində Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib.
   Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar haqqında məlumat verib. İslam Rzayev qeyd edib ki, müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, dünyagörüşlərinin artırılması, əsl vətəndaş kimi böyüyüb formalaşmaları üçün bütün səy və bacarıqlarını sərf  edirlər. İnsanı kamilliyə çatdırmaq məqsədini güdən sənətin ən şərəflisi müəllim əməyi və ya müəllimlərdir. Müəllimlərin sayəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
   Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
   Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir.
   Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
   Sonda rayonun bir qrup qabaqcıl təhsil işçisinə Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Keçidlər