Sahibkarlığın inkişafına dəstək məqsədimizdir
29 yanvar 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin təşəbbüsü ilə rayon sahibkarları və fermerlərlə görüş keçirilmişdir.
Görüşdə RİHB çıxış etmişdir. Sahibkarlıq fəaliyyətinin, xüsusilə də orta sahibkarlığın inkişafında daha çox faydası olacaq bu tədbirin əhəmiyyətini qeyd edən rayon rəhbəri sahibkarların diqqətini ölkə prezidenti cənab İlham Əliyevin yanvarın 15-də Nazirlər Kabinetində 2012-ci ilin yekunlarına dair keçirdiyi müşavirədə söylədiyi nitqindəki bəzi rəqəmlərə yönəltdi.
O, qeyd etdi ki, bütövlükdə ölkəmiz üçün sosial-iqtisadi inkişafın yekunlarına görə 2012-ci il uğurlu olmuşdur. Ümumi daxili məhsul 2,2% faiz,qeyri-neft sektoru 9,7 faiz,kənd təsərrüfatı 8 faiz,əhalinin pul gəlirləri 13,8 faiz artmışdır.
Bütün proqramlar uğurla icra olunmaqla valyuta ehtiyatları 46 milyard səviyyəsində,investisiyalar 22 milyard dollardan çox olmuşdur. Ölkə Prezidenti sahibkarlığın inkişafını ölkənin iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi vurğulamışdır.
Sahibkarlığın inkişafı üçün maliyyə dəstəyinin vacibliyini qeyd edən rayon rəhbəri bildirmişdir ki, sahibkarlığa kömək Milli Fondu tərəfindən sahibkarlara bu il 250 milyon manat kredit veriləcəkdir ki, bunun 83 faizi regionların payına düşür.
Rayon rəhbəri Balakəndə sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar olduğunu qeyd etdi. Balakəndə 5000 tonluq soyuducu anbarın tikildiyini, intensiv meyvə bağlarının salındığını, ötən il bol qarğıdalı məhsulunun becərildiyini, ”məhsul bolluğu bayramı”nın keçirildiyini qeyd edən rayon rəhbəri rayonda sahibkarlığı, xüsusən də orta sahibkarlığı inkişaf etdirməyi sahibkarlara tövsiyə etdi və onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.
Kənd Təsərrüfatı Nazirliyinin icraçı Kredit Agentliyinin nümayəndəsi Bahəddin Orucov bildirdi ki,keçən il kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara 230 min kredit verilib və indi 18-24-36 aylıq kreditlər almaq mümkündür. Fermer Əsəbəli Ömərov bəzi texnikaya ehtiyacı olduğunu bildirməklə rayonumuzda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün heç bir əngəl olmadığını bildirdi.
Tədbir iştirakçılarının sualları cavablandırıldıqdan sonra RİH başçısı tədbirdə yekun sözü ilə çıxış etdi.