Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Dövlət Bayrağı Günü qeyd edilib.

07 noyabr 2017 | 16:00

  Noyabrın 7-də Balakən  rayon  Bayraq Muzeyində  Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib.  Tədbirdə məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə mərasim iştirakçılarını təbrik edib və bu əlamətdar günün əhəmiyyətindən söz açıb. Natiq bildirib ki, hər bir xalqın qürur mənbəyi və iftixarı, hər bir dövlətin müstəqilliyinin əsas atributlarından və simvollarından olan bayraq Azərbaycan xalqı üçün də müqəddəsdir.
   Başımız üzərində dalğalanan üçrəngli bayrağımız ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı kimi təsdiqlənib.
   İslam Rzayev qeyd edib ki, hələ SSRİ dövründə, 1990-cı il noyabrın 17-də milli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması barədə vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti həmin vəsatətə baxmış və bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır.  Prezident cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalamışdır. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir.
   Bildirilib ki, bu il avqust ayının 3-də Balakən rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra obyektlərlə yanaşı Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib. Balakən rayonunda Bayraq Muzeyinin inşa olunması  milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlət Bayrağı Muzeyinin yaradılmasının əsas məqsədi dövlətçilik tariximizin geniş təbliğ olunması, cəmiyyət arasında və xüsusən gənc nəsildə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsindən ibarətdir.
   Daha sonra tədbirdə  Bayraq gününə həsr olunan video və mədəniyyət işçiləri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər