YAP Balakən rayon təşkilatında partiyanın yaranmasının 25-ci ildönümü qeyd edilib.
Balakən rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan, RİHB-nın birinci müavini, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev ilk olaraq iştirakçıları YAP-ın yaradılmasının 25 illiyi münasibətilə təbrik edib.
Daha sonra məruzə ilə çıxış edən RİHB-nın birinci müavini, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. YAP Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir. Natiq qeyd edib ki, xalqı bəlalardan, müstəqil dövlətçiliyimizi məhv olmaqdan xilas etmiş Ulu Öndərin formalaşdırdığı bu siyasi təşkilat 24 illik fəaliyyəti dövründə qarşısına qoyduğu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti qəbul edən Yeni Azərbaycan Partiyası yeni hədəflərə nail olmaq üçün mühüm addımlar atır. YAP-ın ölkəmizdə keçirilən seçki proseslərindən uğurla çıxması bu inkişafın, tərəqqinin daha da sürətlənməsində stimul rolu oynayır. 1998, 2003, 2008 və 2013-cü il prezident, 1995, 2000, 2005, 2010 və 2015-ci il parlament, 1999, 2004, 2009 və 2014-cü il bələdiyyə seçkiləri Azərbaycan tarixinə Yeni Azərbaycan Partiyasının qələbəsi kimi yazılıb.
Məruzədə qeyd olunub ki, beş mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatı ötən dövr ərzində ictimaiyyətin ən qabaqcıl təbəqəsini öz ətrafında birləşdirərək ictimai-siyasi proseslərdə, keçirilmiş bütün siyasi kompaniyalarda fəallıq nümayiş etdirib və mühüm nailiyyətlərə imza atıb.
Tədbirdə çıxış edən natiqlər partiyanın yaranmasını şərtləndirən o dövrün mühüm ictimai-siyasi mənzərəsini təhlil edərək geniş və əhatəli fikirlər söyləyiblər. Qeyd olunub ki, xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər Azərbaycanı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı və qurucusu kimi daxil oldu. Əlbəttə ki, bu gün Ulu Öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri verilib.