Balakən və ətraf rayonların sahibkarlarına 874 min manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə noyabrın 30-da Balakən rayonunda keçirilən işgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 874 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tütünçülük, mebel istehsalı və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 150-dək yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində əvvəlcə Balakən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, çörək istehsalı və meyvəqurutma, tütün, fındıq və süd emalı müəssisələrinin, tütünçülük və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, barama qəbulu və emalı məntəqələrinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Diqqətə çatdırılıb ki, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bu gün Balakən rayonunda yaradılmış əlverişli investisiya mühitindən, qabaqcıl fermerlərin layihələrindən, rayonun sosial-iqtisadi inkişafından geniş söhbət açdı. Eyni zamanda qeyd olundu ki, Balakən rayonunda fəaliyyət göstərən sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə (2007-2017-ci ilin 9 ayı ərzində) 117 sahibkara 1 mln. 577 min 625 manat güzəştli kredit verilmiş, bunun da nəticəsində 236 yeni iş yeri açılmışdır.
Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov forumda çıxış edərək bildirib ki, 2017-ci ilin ötən dövründə 1700-dək sahibkara 114 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Diqqətə çatdırılıb ki, Fond tərəfindən bu günədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2270-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 102,4 milyon manat güzəştli kredit ayrılıb. 2017-ci ilin ötən dövründə ölkədə tütünçülüyün inkişafı ilə bağlı 100-dək sahibkara 1,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Balakən rayonunda güzəştli kredit hesabına yaradılmış tütünçülük təsərrüfatına baxış keçirilib.