Balakən rayonunda Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib.
Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü Balakən rayonunda böyük izdihamla qeyd olunub. Əvvəlcə icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin müəllimləri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Abidənin önünə tər çiçəklər düzməklə Ulu Öndərə hörmət və ehtiram bildirdilər.
Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr edən ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib, müstəqil Azərbaycanı ümummilli liderin şah əsəri adlandırıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Əsası ulu öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Daha sonra mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş etdirilib, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film göstərilib.