Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 2012-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur

10 fevral 2013 | 16:00

Balakən rayonunda 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş yığıncaq keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
İclasda rayonun sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab İslam Rzayevin hesabat məruzəsində bildirmişdir ki, ötən il rayonda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 32 faiz artaraq 147,2 milyon manat təşkil etmişdir. 2012-ci ildə rayonda 5,8 milyon manatlıq sənaye, 53,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, 45 milyon manatlıq tikinti işləri görülmüşdür. Rayonda 644-ü daimi olmaqla, 1174 yeni iş yeri yaradılmışdır.
Bildirilmişdir ki, 2012-ci ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 9,6 faiz artmış, ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisi 36,7 faiz təşkil etmişdir. Rayonun tarixində rekord miqdarda - 41 min tondan çox dən qarğıdalı istehsal olunmuşdur. 2011-ci illə müqayisədə ət istehsalı 65 ton, süd istehsalı 764 ton, yun istehsalı 1,4 ton, bal istehsalı 3,5 ton, yumurta istehsalı isə 75 min ədəd artmışdır. Ötən ilin noyabrında rayonda ilk dəfə “Məhsul bolluğu” bayramı keçirilmişdir.
Eyni zamanda qeyd olunmuşdur ki, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər 2012-ci ildə də davam etdirilmişdir.
Məruzədə, həmçinin ötən il mayın 7-si, 18-i və oktyabrın 13-14-də bölgədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) və aidiyyəti dövlət qurumları tərəfindən rayonda həyata keçirilən kompleks tədbirlər barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, FHN-nin müvafiq komissiyalarının rəyinə əsasən rayonda tikintisinə başlanan 225 fərdi evdən 185-i, habelə 2 məktəb binası artıq istifadəyə verilmişdir. Katex kəndində uşaq bağçasının, Gərəkli kəndində 8 mənzilli yaşayış evinin, habelə kəndlərdə 27 fərdi evin tikintisi davam etdirilir.
Məruzə ətrafında çıxışlar olmuşdur.
Yığıncaqda Milli Məclisin deputatları xanım Rəbiyyət Aslanova və Kamilə Əliyeva, Prezident Administrasiyasının məsul işçisi cənab Əflatun Rufiyev çıxış etmişlər.
Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
 

Keçidlər