Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonununda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.

06 fevral 2018 | 16:00

  Fevralın 6-da “Qubek” otelində Balakəndə 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.
   Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının, sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra 2017-ci ildə Balakən rayonunda görülmüş işlərə həsr olunan video-çarx nümayiş etdirilib.
   Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev hesabat məruzəsində bildirib ki, 2017-ci il Balakən rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Avqustun 3-də reallaşan səfər zamanı dövlətimizin başçısı Balakən şəhərində Bayraq Muzeyinin, “ABAD Mərkəzi”nin, “Balakən-1” kiçik su elektrik stansiyasının, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib.
   Diqqətə çatdırılıb ki, 2017-ci ildə Balakən rayonunda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 35,9 faiz artaraq 196,2 milyon manat olub. Hesabat dövründə rayonda 69,6 milyon manat dəyərində kənd təsərrüfatı və 7,6 milyon manatlıq sənaye məhsulları istehsal edilib, 43,7 milyon manatlıq tikinti işləri görülüb. Aqrar sahədə məhsul istehsalı 2016-cı illə müqayisədə 11,2 faiz, tikinti işlərinin həcmi isə 4,9 dəfə artıb. 2017-ci ildə rayon iqtisadiyyatına 52,4 milyon manat investisiya qoyulub. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsindən ötən 4 il müddətində isə rayon iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 96 milyon manat olub. 2017-ci ildə rayonda 927-si daimi olmaqla 1469 yeni iş yeri açılıb.
Hesabat dövründə Balakəndə mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin inkişafı diqqət mərkəzində saxlanılıb. Ötən il rayonda 11 ton barama istehsal olunub. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon ərazisində 131,5 min ədəd tut tingi əkilib. Balakənli fermerlər ötən il 528 hektar sahədə tütün yetişdirib, 317,4 ton quru tütün istehsal ediblər. 2017-ci ildə rayonda 1666 hektar sahədə yeni fındıq bağları salınıb.
   Qeyd olunub ki, qarğıdalı bitkisinin əkin sahəsinə görə Balakən rayonu keçən il respublikada yenə də birinci yerdə qərar tutub. Balakənli fermerlər ötən mövsüm 43 min tondan çox dən qarğıdalı istehsal ediblər.
   2017-ci ildə Katex kəndində “Balxurma” MMC-nin meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinin və anbar binasının tikintisi başa çatdırılıb, burada yüzdən çox sakin işlə təmin edilib. İndiyədək müəssisədə 300 ton quru meyvə istehsal olunub.
   Məruzədə, həmçinin 2017-ci ildə rayonda həyata keçirilən təmir-tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, hesabat ilində Sarıbulaq və Mahamalar kəndlərində modul tipli məktəb binalarının tikintisi başa çatdırılaraq şagirdlərin istifadəsinə verilib. Şərif kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilib. Prezident İlham Əliyevin rayona səfərindən sonra imzaladığı sərəncamlarla ayrılmış maliyyə vəsaiti ilə Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının, Balakən-Qazbinə-İtitala avtomobil yolunun, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin tikintisinə başlanılıb.
   Müşavirədə, həmçinin 2017-ci ildə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib. Bildirilib ki, 2018-ci ildə baramaçılıq üzrə hədəf 25 ton müəyyən edilib. Tütün əkini sahələrinin artırılaraq 550 hektara çatdırılması, 1700 hektar sahədə yeni fındıq bağlarının salınması planlaşdırılır.
   Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, Milli Məclisin deputatları Kamilə Əliyeva, Nəsib Məhəməliyev çıxış edərək 2017-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildiriblər.
   Hesabat yığıncağının sonunda kənd təsərrüfatı sahəsində fərqlənən təsərrüfatçılara Balakən rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı təqdim olunub.

Keçidlər