Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub.

31 mart 2018 | 16:00

  Balakəndə  31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə anılıb. Ümumrayon anım mərasimində iştirak edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışan yüzlərlə rayon sakini abidə önünə tər gül dəstələri düzüb və soyqırımı qurbanlarına dərin ehtiramlarını bildiriblər.
   Anım mərasimində çıxış edən rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev qeyd edib ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirilib. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşaiyət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. X.Mirəliyev bildirib ki, bu soyqırımının tanınması və tarixdən silinməməsi istiqamətində ilk dəfə 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" Ümummilli lider Heydər Əliyev "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamı soyqırımı qurbanlarının xatirəsinə hörmət və ehtiramın göstəricisidir. Xalqımızda vətənpərvərlik, torpaq, Vətən sevgisi hissləri artacaq, gənclər həmin qanlı tarixdən ibrət dərsi götürəcəklər.
   Natiq vurğulayıb ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı milli mənafe ətrafında birləşməli, müstəqilliyimizin əbədi və dönməz qalması, torpaqlarımızın düşmən işğalından təmizlənməsi üçün öz qüvvəsini əsirgəməməlidir. Mənfur ermənilərin törətdikləri bu soyqırımı unutmağa bizim haqqımız yoxdur. Böyüməkdə olan gənc nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı mübarizə ruhunda tərbiyə etmək bizim mühüm vəzifəmizdir.
   Daha sonra məktəblilərin ifasında soyqırıma həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər