Balakəndə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
10 may 2018-ci il tarixində müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Balakən rayonunda silsilə tədbirlərlə qeyd edilmişdir. Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışan yüzlərlə rayon sakini Heydər Əliyev adına parkda yerləşən ulu öndərin abidəsini ziyarət etmiş və önünə tər gül dəstələri qoymuşlar.
Sonra isə Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan danışıb. Bildirib ki, xalqın əbədi məhəbbətini qazanmış Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi öz yerini tutmuşdur. Onun parlaq ideyaları hər zaman gələcəyə gedən yollarımıza işıq salacaqdır. Heydər Əliyev misilsiz xidmətlərinə görə Vətəni, xalqı üçün əziz olmuşdur. Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu əsərin qorunması, inkişaf etdirilməsi vəzifəsini Prezident İlham Əliyev çox böyük ləyaqətlə və bacarıqla həyata keçirir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə keçəcəkdir. Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayaraq gələcək nəsilləri üçün əbədi örnək olacaqdır.
Tədbir rayonun mədəniyyət işçilərinin və Azərbaycan Milli Konservatoriyasının “Avaz” instrumental ansamblının üzvlərinin ifası ilə davam etmişdir.
Ulu öndərin 95 illiyinə həsr olunmuş kross yarışında rayonun 250 idmançısı iştirak etmiş, qalib gəlmiş idmançılar medal və diplomlarla təltif edilmişdir.