Balakənli fermerlər tütün əkinini yekunlaşdırmaq üzrədir.
Bu il Balakən rayonunun təsərrüfatlarında 535 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 501 hektar sahəyə tütün şitili köçürüblər. Tütün əkininə min beş yüz nəfərədək mövsümi işçi cəlb olunub.
Balakənli fermerlər bu il “Virciniya” növlü tütünün yetişdirilməsinə daha çox maraq göstərirlər. Cari mövsümdə rayonda 500 hektar sahədə bu növdən olan tütünün əkilməsi nəzərdə tutulur. Keçən il isə fermerlər 241 hektar sahədə “Virciniya” növlü tütün yetişdiriblər. Bu növ tütünün əsas üstünlüyü ondadır ki, az əməktutumlu olmaqla sahələrdən yığılan yaşıl kütlə qurudulmaq üçün birbaşa emal məntəqəsinə gətirilir və qurutma kameralarına yerləşdirilir. Yerli tütün sortları isə istehsalçıların özləri tərəfindən xüsusi iynə vasitəsilə ipə düzülməklə qurudulur.
Tütün istehsalçılarının işini asanlaşdırmaq üçün hazırda rayonun Hənifə kəndində tütün istehsalı və emalı məntəqəsinin yaradılması istiqamətində iş aparılır. Məntəqədə 540 ton istehsal gücü olan 60 ədəd tütünqurutma kamerası quraşdırılır. Ötən il balakənli fermerlər yetişdirdikləri “Virciniya” növlü yaşıl tütün kütləsini qurutmaq üçün Zaqatala rayonunda fəaliyyət göstərən emal məntəqəsinə təhvil verirdilər. Bu isə əlavə vaxt itkisinə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu.