“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”.
Bu il şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı 10 yanvar 2018-ci il tarixində sərəncam imzalamışdır.
Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı bir daha təsdiq edir ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dünya səviyyəsində təntənə ilə qeyd olunması hər bir soydaşımız tərəfindən rəğbətlə qarşılanır.
Bu şanlı keçmişin ildönümü 25 may 2018-ci il tarixində Balakən rayonunda da qeyd edilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi ziyarət edilərək, önünə gül dəstələri qoyuldu. Sonra isə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 28 May-Respublika Günü münasibətilə ictimaiyyəti təbrik etdi. Çıxışı zamanı o, bildirdi ki, cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan, böyük siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmişdir. Müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin formalaşdırdığı ənənələri özündə yaşadır və inkişaf etdirir. Bu gün ölkə Prezidenti İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır.
Sonra isə Mədəniyyət Mərkəzinin üzvlərinin iştirakı ilə represiya qurbanlarının, cümhuriyyət fədailərinin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olundu, mahnılar, şeirlər səsləndi.
Tədbirdə həmçinin rayonun ictimai-siyasi həyatında gördükləri işlərlə, səmərəli fəaliyyətləri ilə fərqlənən 3 nəfər Balakən rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildilər.