Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə başlanılıb.

31 may 2018 | 16:00

   Azərbaycanda uğurla reallaşan Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələrinin daha bir rayonda praktiki istifadəsi reallaşıb. Belə ki, Balakən rayonunda artıq torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verilib. Qeyd edək ki, 6 rayonda bu işlərin nəticələrinin praktiki istifadəsinə başlanılıb. Görülən işlərin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində də işlər aparılır. Bu işlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Balakən rayonunda ictimai təqdimat keçirilib.

   Tədbirdə iştirak edən komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon icra hakimiyyətinin nümayəndələri bu layihənin üstünlüklərindən, gələcək nəticələrindən danışıblar. Bu regional foruma müəssisə, idarə, təşkilat və media nümayəndələri də maraq göstəriblər.

   Tədbirin əsas məqsədini uçot işlərinin praktiki istifadə qaydaları barədə məlumat vermək, rayonun torpaq inzibatçılığı və səmərəli istifadəsinə verəcəyi töhfələrin, habelə rayonun aqrar potensialının daha da artırılması üçün uçot məlumatlarının istifadə mexanizmlərinin izahı təşkil edir.

   Tədbirdə layihənin işçi qrupunun rəhbəri Əliqulu Cabbarov bildirib ki, Balakən rayonunda Torpaqların Elektron Kadastr Uçotu işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət torpaqlarının payı müəyyənləşib. Eyni zamanda, özəl torpaqların da xüsusi çəkisi məlum olub. Görülən işlərin nəticələrinə uyğun olaraq, bələdiyyə, relyef, meyillilik xəritələri də tərtib edilib. Torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də hazırlanıb.

   Aparılan uçot işləri Balakən rayonunun hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 41.7 min hektar torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Məlum olub ki, 18.0 min hektar bələdiyyə, 8.3 min hektar dövlət, 15.3 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 25.9 min hektara yaxını (62.0 faizi) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 12.9 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə çoxillik əkmələr 7.6 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər digər torpaqlar hesabına artaraq 10.7 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 13 minə yaxınının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac var.

   Rayon torpaqlarının həm kəmiyyət göstəriciləri analiz edilib, həm də keyfiyyət göstəriciləri ilə bağlı uçot aparılaraq məlumatlar təhlil olunub.

   Torpaq və geobotaniki tədqiqatların nəticəsi olaraq, Balakən rayonunun torpaq xəritəsi, rayonun yay otlaqlarının geobotaniki xəritəsi hazırlanıb. Eyni zamanda, belə işlər nəticəsində hansı torpaqların eroziyaya uğradığını öyrənməyə imkan verən xəritələr də tərtib edilib. Layihə çərçivəsində, həmçinin torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılmasına dair təkliflər də verilib. Belə ki, layihədə ərazilərdə şorlaşma və şorakətləşməyə məruz qalmış ərazilərin yaxşılaşdırılması nəzərdə tutulur.

   Rayon torpaqlarının iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı informasiya sisteminin hazırlanması isə ərazilərin gəlirgətirmə potensialının öyrənilməsinə, bol məhsulun əldə edilməsi yollarının müəyyənləşməsinə şərait yaradır. Bununla da torpaqda hansı aqrokimyәvi vә meliorativ tәdbirlәrin görülməsi aydınlaşır.

   Uçot işi nəticəsində bələdiyyələr onların hesabında olan torpaqların hansı ərazidə yerləşdiyini, sahəsini, sərhədlərini dəqiqləşdirə biləcəklər. Bununla da vətəndaşlara torpaq ayrılan zaman yarana biləcək mübahisəli məsələlər aradan qaldırılır. Eyni zamanda, rayonun xəritələrinə əsasən sakinlər torpağının hüquqmüəyyənedici sənəddəki göstəricilərindən başqa əlavə ərazidən istifadə edə bilməyəcək.

Keçidlər