Azərbaycanda dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır.
Azərbaycanın dövlət-din modeli tariximizə, ənənələrimizə əsaslanır. Bu model bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, dinamik inkişafın başlıca səbəblərindəndir. İndi müstəqil Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanınır.
Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 31-də Balakən şəhərində keçirilən “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfransın II panelində səsləndirilib.
Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin rəhbər şəxslərinin, yerli hüquq mühafizə orqanlarının rəhbərlərinin, dini icma sədrlərinin, din xadimlərinin, ilahiyyatçıların, fəal gənclərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, tolerantlıq mühitinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.
Konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, rayondakı mövcud dini durum barədə məlumat verib. Bildirilib ki, Balakən rayonu Azərbaycanda müxtəlif xalqların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biridir. Ölkənin hər yerində yaşanan dinamik inkişaf Balakən rayonunun simasında da aydın müşahidə olunur. Rayonda 20-dən çox millətin nümayəndəsi yaşayır. Hazırda Balakəndə 28 məscidin fəaliyyət göstərdiyini vurğulayan İ.Rzayev rayon ərazisində 13 dini icmanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alındığını deyib. O, dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durumun sabit olduğunu, dini etiqad azadlığının təmin olunması, milli mənəvi dəyərlərin qorunub saxlanması üçün davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı konfransda çıxış edərək ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin Azərbaycan dövlətinin əsas siyasi prioritetlərindən olduğunu vurğulayıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra dövlət-din münasibətləri, ayrı-ayrı etnoslar arasında əlaqələr, hər bir xalqın mədəni-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə qaldırılıb.
Ümummilli Lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunması üçün mühüm xidmətlər göstərdiyini deyən Komitə sədri, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayonu üzrə nümayəndəsi İbrahim İbrahimov ölkəmizdə din xadimlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, dövlət tərəfindən dini sahəyə xüsusi diqqət və qayğı göstərildiyini, mütəmadi olaraq maliyyə vəsaitinin ayrıldığını deyib.
Sonda iştirakçıların sualları cavablandırılıb.