Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyunun 29-da Balakən rayonunda vətəndaşların qəbulunu keçirib. Zaqatala, Şəki, Qax, Oğuz, Balakən rayonlarından olan sakinlərin iştirak etdikləri qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb. Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edib, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbulda Dövlət Komitəsinin sədri Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda, Balakən rayonunda baş verən erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb, hər bir vətəndaşın sualları fərdi qaydada cavablandırılıb, müraciətləri qeydə alınıb.
Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.
Qəbul başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Onların müraciəti dinlənilib və təklifləri nəzərə alınıb.