Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda 2018-ci ilin I yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

20 iyul 2018 | 16:00

   İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda 2018-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi və müvafiq  tədbirlərin həyata keçirilməsi insanların kənd təsərrufatına marağını  artırıb, eyni zamanda bu sahənin daha da inkişaf etdirilməsinə geniş şərait yaradıb. Görülən işlərin nəticəsində rayonda 13651,2 ha sahədə  payızlıq və yazlıq əkinlərin aparılması təmin edilib ki, bu da əvvəlki ilin səviyyəsindən 15,3  % çoxdur. 1308 ha sahədən 3748 ton  taxıl istehsal edilib və orta məhsuldarlıq göstəricisi 28.6 sentner olub. Taxıl biçini ilə yanaşı təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının istehsalı və əkinlərə aqrotexniki xidmət göstərilməsi davam etdirilir. Yarımillikdə 13077 ton tərəvəz, 2961 ton kartof, 402,3 ton lobya, 403 ton bostan və digər  kənd təsərrüfatı  məhsulları istehsal olunub.
   Bu barədə 2018-ci ilin I yarısının yekunları ilə əlaqədar iyulun 18-də rayonda keçirilən müşavirədə məlumat verilib.
   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev hesabat məruzəsində qeyd edib ki, cari ildə barama istehsalının artırılması sahəsində məqsədyönlü işlər görülüb, 572 qutu  ipəkqurdu toxumu rayona  gətirilərək inkubatorda dirildilərək  221 istehsalçıya paylanılıb.  30 tona yaxın barama istehsal olunaraq Azəripək ASC-yə təhvil verilib, proqnoza 130,3 % əməl olunub və  bu da əvvəlki ilə nisbətən 2,7 dəfə çoxdur.
   Tütün istehsalı sahəsində təsərrüfatlarda 535 ha sahədə  tütünün  Virciniya, Berley və İtiyarpaq növünün əkilməsi və becərilməsi təmin edilib. Artıq təsərrüfatlarda 450 ton virciniya  növ tütün tədarük edilərək emal müəssisəsinə təhvil verilib, eyni zamanda, 11 ton quru tütün istehsal olunub.
   Məruzədə, həmçinin cari ilin I yarısında rayonda həyata keçirilən təmir-tikinti işləri barədə də məlumat verilib. Bildirilib ki, birinci yarımillikdə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisinə vəsait ayrılıb və 25 km uzunluğunda yolun tikintisinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq  60 kameralı tütün qurutma məntəqəsinin tikintisi üçün Hənifə kəndində 2 hektar torpaq sahəsi ayrılıb, hazırda kameraların və inzibati binanın inşası icra olunur. Qurutma kameralarının tikilməsi tütün istehsalına çəkilən xərclərin azalmasına, yeni iş yerləri açılmaqla əhalinin məşğulluğunun təmin edilməsinə və bu sahədən  daha çox gəlir əldə etməsinə şərait yaradacaqdır.
   Müşavirədə həmçinin 2018-ci ilin I yarısında elektrik enerjisi, təbii qaz, suvarma və içməli su ilə təminatın yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması, kənd təsərrüfatı, ideoloji və gənclər sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
   Məruzə ətrafında rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Məhəmməd Şərifov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladov və Balakən 2 saylı ABAD Mərkəzinin direktoru Amil Musayev çıxış ediblər.
   Sonda rayonda baramaçılığın inkişafındakı xidmətlərinə görə aqronom Əzimova Bəsdi Balakən rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif olunub.

Keçidlər