Daha bir kənddə qaz xəttinin açılışı olmuşdur
Fevralın 28-də 4 yaşayış məntəqəsini əhatə edən Sarıbulaq kəndində qaz xəttinin açılışı olmuşdur.
Rayonun idarə və müəssisə rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi açılış mərasimində rayon rəhbəri cənab İslam Rzayev, “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Tahir Kazımov çıxış edərək ölkəmizdə, eləcədə rayonumuzda həyata keçirilmiş layihələrdən və əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi sahəsində görülmüş işlərdən söhbət açmışlar.
2012-ci il ərzində rayon üzrə 8800 evə qaz xətti çəkilməklə ilin sonuna abonent sayının 14000-ə çatdırıldığı, cari ilin əvvəlində isə Sarıbulaq kəndində 520 evə qaz çəkildiyi və sayğaclaşdırıldığı natiqlər tərəfindən qeyd olunmuşdur.
Hazırda rayon üzrə son 5 yaşayış məntəqəsinin qazlaşdırılması işləri davam etdirilir. Cari ilin ikinci rübünün sonunadək Balakənin ən ucqar yaşayış məntəqəsində də sakinlərə mavi yanacaq veriləcəkdir.