Balakən: ötən tədris ilinin yekunları təhsil işçiləri üçün uğurlu olub.
Bu gün Balakən rayonunda təhsil işçilərinin konfransı keçirilib. “Qubek” otelinin iclas zalında keçirilən konfransda iştirakçılar əvvəlcə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Konfransda rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Cavanşir Alqayev hesabat məruzəsi ilə çıxış edib və məruzə ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, 2017-2018-ci tədris ilində rayon təhsil şöbəsinin tabeçiliyində 50 tədris müəssisəsi, o cümlədən 48 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Rayonun ümumtəhsil məktəblərində təhsilə cəlb edilmiş 12 min nəfərə yaxın uşaq və gəncin təlim-tərbiyəsi ilə 1586 nəfər müəllim məşğul olub. 2018-ci ildə tam orta məktəb pilləsini bitirənlərin 336 nəfəri həmin qəbul imtahanlarında gücünü sınayıb ki, onlardan 235 nəfəri şərəfli tələbə adını qazanıb. 17 nəfər məzunumuz 600-dən yuxarı, 37 nəfər isə 500-dən 600-ə qədər bal toplayıb. 2018-ci ildə ali məktəblərə qəbul olunanlar bütün məzunların 31,3, sənəd verənlərin 70 faizini təşkil edib.
Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Balakən rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülüb, yeni məktəblər inşa edilib, mövcud məktəblər təmir olunub və ya yenidən qurulub. Ötən tədris ilində 360 yerlik Şərif kənd tam orta məktəbinin, Sarıbulaq və Silban kənd ibtidai məktəblərin modul tipli binalarının inşası sona çatıb.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, respublikamızda, o cümlədən Balakən rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, pedaqoji kollektivin qarşısında duran vəzifələrdən danışıblar.
Sonda 600-dən yuxarı bal toplayan tələbələrə fəxri fərman və qiymətli hədiyyələr verilib.