Şriftin ölçüsü :

Saytın rəngi :

“FındıqFest – Balakən 2018” festivalı keçirilib.

08 sentyabr 2018 | 16:00

   07 sentyabr tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Balakən rayon İcra Hakimiyyəti, Balakən rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Balakən rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə Gənclərin Sosial Təşəbbüslərinin dəstəklənməsi layihəsi çərçivəsində Fındıq Festivalı (FındıqFest – Balakən 2018) keçirilib. Festivalda Gəncə, Mingəçevir, Sumqayıt, Şirvan şəhər və Tovuz, Binəqədi, Xəzər, Suraxanı, Sabunçu, Saatli, Balakən rayon Gənclər Evi Sosial Xidmət Müəssisələrinin əməkdaşları və fəal gənclər iştirak edib.
   Festival iştirakçıları əvvəlcə Balakən rayon mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önunə gül dəstələri qoyub, xatirəsini yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə festival açıq elan olunub. Festivalda çıxış edən rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov iştirakçıları salamlayaraq qeyd edib ki, qarğıdalı,  barama, tütün və fındıq istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yeri tutur. Mövcud təbii iqlim şəraiti rayonun kənd təsərrüfatı üzrə ixtisaslaşmasına, xüsusilə fındıqçılığın daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Bildirilib ki, fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur. Fındıqçılıq rayonun əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə yüksəlir.
   Festivalda çıxıç edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nərmin Aslanbəyova dövlət gənclər siyasəti, ölkə başçısı cənab İlham Əliyevin gənclərə olan diqqət və qayğısından söz açıb.
   Festivalın keçirilməsi məqsədi haqqında məlumat verən Balakən rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Tale Şahverdiyev vurğulayıb ki, rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın geniş təbliği, ölkə gənclərinin dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də gənclərlə işin effektivliyinin artırılması, onlara kənd təsərüffatının əyləncəli formada tanıdılması məqsədilə Balakən rayonunda fındıq festivalı keçirilir. Həmçinin festival ölkəmizdə aparılan gənclər siyasətinə dəstək verilməsi və ölkəmizdə fəaliyyət göstərən Gənclər Evi Sosial Xidmət Müəssisələrinin əməkdaşları arasında təcrübə mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır.
   Rəsmi hissə bitdikdən sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi,  fındığın toplanması, təmizlənməsi bundan başqa  rayon üçün xarakterik olan digər kənd təsərüffatı məhsulları – qarğıdalı, tütün və  barama haqqında məlumatlarla  tanış olublar. Festivalda fındıq xonçası, fındıqdan hazırlanmış əl işləri, fındıqla bağlı ən zəngin məlumat lövhəsi, rayonun milli mətbəxinə aid yeməklər və Balakən rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin məhsulları nümayiş olunub. Eyni zamanda  festivalda  üzərində Balakəni təsvir edən aksesuarlar, əşyalardan ibarət yarmarka təşkil olunub. Yarmarkada məhsulların satışından əldə olunan gəlir Gəncə şəhər Uşaq Evinə hədiyyə olunub.
   Festivalda digər Gənclər Evi Sosial Xidmət Müəssisələrinin kollektivləri ilə birgə əyləncəli yarışlar, müsabiqələr və  musiqili proqramlar təşkil olunub.

Keçidlər