Balakən rayon ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunub.
Azərbaycanın hər bir guşəsində böyük bayram sevinci və yüksək əhvali-ruhiyyə ilə qeyd edilən “Bilik günü” münasibətilə Balakən rayon ümumtəhsil məktəblərində ənənəvi tədbirlər keçirilib.
Bu il inşa olunaraq istifadəyə verilən 360 yerlik Şərif kənd tam orta məktəbində 15 sentyabr “Bilik günü” münasibətilə keçirilən tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu gün də təhsil sahəsinin möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətin prioritet sahələrindən biri olduğunu qeyd etdi.
Bildirildi ki, ölkəmizdə müasir standartlara cavab verən ümumtəhsil ocaqları tikilib, bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir. İslam Rzayev vurğuladı ki, respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda da təhsil yüksələn xətt üzrə inkişaf edir və hər il əldə etdiyi uğurlarla diqqəti cəlb edir. Son illər Balakəndə 32 yeni məktəb binası inşa edilib, 3 məktəb əsaslı təmir olunub. Azərbaycan dövləti ümumi təhsilin inkişaf etdirilməsi, məktəblərimizin sözün əsl mənasında bilik, savad mərkəzinə çevrilməsi üçün lazımi tədbirlər görür. Bütün bunlar uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkil olunmasına, onların sağlamlığının qorunmasına imkan yaradır.
Sonda İslam Rzayev belə bir əlamətdar gün-“Bilik günü” münasibətilə pedaqoji kollektivi, şagirdləri, valideynləri təbrik etdi, bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladı.
Tədbirdə rayon Təhsil Şöbəsinin müdir əvəzi Cavanşir Alqayev, 5 saylı Ərazi Hesablama Mərkəzinin rəisi Şahruddin Qallacov çıxış edərək məktəbliləri “Bilik günü” münasibətilə təbrik ediblər.
Sonda məktəbə ilk dəfə qədəm qoyan birincilərlə xatirə şəkli çəkdirilib.