Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

18 oktyabr 2018 | 16:00

   18 oktyabr tarixdə “Qubek” otelində 2018-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar icra hakimiyyətinin başçısı yanında şuranın hesabat yığıncağı keçirilib.

   Geniş məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilmiş iclasında Prezident İlham Əliyevin nitqində qeyd edilən məsələlərə toxunaraq bildirdi ki, dövlət başçısının qöstərdiyi rəqəmlər ölkəmizin sosial–iqtisadi inkişafının durmadan davam etdiyini göstərir.

   İslam Rzayev qeyd etdi ki, hesabat dövründə rayonun ənənəvi kənd təsərrüfatı sahələri hesab olunan baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişaf etdirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər aparılıb və cari ildə barama istehsalının artırılması sahəsində aparılan məqsədyönlü işlərin nəticəsində 29,8 ton barama istehsal olunaraq “Azəripək” ASC-yə təhvil verilmiş, proqnoza 130,3 % əməl olunmuşdur. Təsərrüfatlarda ümumilikdə 535 hektar olmaqla 475 hektar sahədə “virciniya”, 4 hektar sahədə “berley”, 56 hektar sahədə isə ənənəvi yerli növ tütün əkilib və artıq fermerlər tərəfindən sahələrdən 3121 ton yaş “virciniya”, 320,0 ton ənənəvi yerli növ tütün tədarük edilib və emal müəssisələrinə təhvil verilib. Hesabat dövründə rayonda fındıqçılığın inkişaf etdirilməsi məqsədilə 700 hektar yeni fındıq bağları salınmıb və beləliklə bağların ümumi sahəsi 9634,1 hektara çatdırılıb. Bağlardan 6204 ton fındıq tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 819 ton və ya 15,2 faiz çoxdur.

   Məruzədə qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə tikilən Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 km olan Balakən-Mazımçay hissəsinin tikintisi davam etdirilib, yolboyu körpülər yenidən qurulub, avtobus dayanacaqları, su və kommunikasiya keçidləri, yol nişanları və istiqamətləndirici lövhələrin quraşdırılması nəzərdə tutulub.Yolun tikintisi ilə əlaqədar olaraq şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya xətlərinin dəyişdirilməsi həyata keçirilib.

   Cari ildə 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala və 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun, 320 şagird yerlik uşaq incəsənət məktəbinin tikintisi, mərkəzi xəstəxananın təmiri davam etdirilib, 130 yerlik Qullar uşaq bağçasının əsas korpusunun təmiri, Şərif kəndində inşa edilən 360 şagird yerlik tam orta məktəb binasının tikintisi başa çatdırılıb.

   Məlumat verildi ki, 2018-ci ildə tam orta məktəb pilləsini bitirənlərin 336 nəfəri ali məktəblərə qəbul imtahanlarında biliklərini sınayıb. Onlardan 235 nəfər tələbə adını qazanıb, 17 nəfər məzun 600-dən yuxarı, 37 nəfər isə 500-dən 600-ə qədər bal toplayıb. 2018-ci ildə ali məktəblərə qəbul olunanlar bütün məzunların 31,3 faizini, sənəd verənlərin 70,0 faizini təşkil edir.

Həmçinin məruzədə hesabat dövründə rayonda ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dini durumun öyrənilməsi, qeyri-ənənəvi və zərərli təriqətlərin yayılması kimi məsələlərə dair araşdırmaların aparılması, rayonda gedən ictimai-siyasi proseslərin müntəzəm təhlil edilməsi və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsi ilə bağlı məlumat verilib.

   Hesabat iclasında “Balxurma” MMC-nin Balakən rayonu üzrə icraçı direktoru İsfəndiyar İsfəndiyarov, Tütün istehsalı və emalı müəssisənin müdiri Şadnus Mamedov və Balakən rayon 1 saylı Peşə məktəbinin direktoru Rəhim Tağıyev çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat veriblər.

   Sonda RİH-nin başçısı İslam Rzayev aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışıb, uğurlarla yanaşı problemləri də qeyd edib, aidiyyəti xidmət təşkilatlarına tapşırıq və tövsiyyələrini verib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

   Yekunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Balakən rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi (mühəndis) Daniya Omarova medalı təqdim edilib.

Keçidlər