Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı 20 illiyini qeyd etmişdir
Martın 7-də “Qubek” mehmanxanasının konfrans zalında Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
YAP rayon təşkilatın sədri Azad Balayevin hesabat məruzəsində qurumun 20 illik fəaliyyətinə geniş nəzər salınmış, təşkilatın Balakənin ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edilmişdir. Bildirilmişdir ki, ötən illər ərzində Yeni Azərbaycan Partiyası mühüm hadisələr, qələbələrlə dolu şərəfli bir tarix yaşamış, böyük inkişaf yolu keçmişdir. Bu günün və gələcəyin partiyası kimi xalqın böyük inamını qazanan YAP-ın siyasətinin ana xəttini ərazi bütövlüyümüzün bərpa olunması, Vətənimizin mənafeyinin qorunması, hüquqi dövlət, azərbaycançılığı tərənnüm edən milli birliyin yaranması kimi vacib məsələlər təşkil edir. Partiyanın sıralarında Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq, millətinə bağlı olan insanlar təmsil olunurlar. Zamanın çətin sınaqlarından çıxan, öz ətrafında cəmiyyətimizin ən intellektual təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə ən güclü və nüfuzlu ictimai-siyasi qüvvəyə çevrilmişdir.
Qeyd olunmuşdur ki, iqtidar partiyasının keçdiyi şərəfli yolda Balakən rayon təşkilatının da öz payı, xidmətləri olmuşdur. Təsis olunduğu gün 70 nəfər təəssübkeşi olan rayon təşkilatının hazırda üzvlərinin sayı 4100 nəfəri keçmişdir. Təşkilat üzvlərinin 35 faizini gənclər təşkil edir. Gənclərin partiyaya axını ildən-ilə artır. 2012-ci ildə 410 nəfər gənc partiya sıralarına daxil olmuşdur.
Azad Balayev bildirmişdir ki, şübhə yoxdur ki, cari ilin oktyabrında keçiriləcək növbəti prezident seçkilərində təşkilatın üzvləri, eləcə də bütün balakənlilər üzərlərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcək, Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi, partiyanın sədri İlham Əliyevə səs verəcəklər.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, YAP-ın xalqın partiyasına çevrilməsində Ulu Öndərimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışlar.
YAP sıralarına yeni daxil olmuş gənclərə üzvlük vəsiqələri, partiya veteranlarına fəxri fərmanlar təqdim olunmuşdur.