Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə II Beynəlxalq Xurma Festivalı çərçivəsində “Xurmanın əhəmiyyəti və ölkə iqtisadiyyatında rolu“ mövzusunda konfrans keçirilib.

27 oktyabr 2018 | 16:00

   Oktyabrın 27-də Balakəndə startı verilən II Beynəlxalq Xurma Festivalı çərçivəsində “Qubek” otelində “Xurmanın əhəmiyyəti və ölkə iqtisadiyyatında rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal olunan kənd təsərrüfatı, o cümlədən xurma məhsullarının nümayiş etdirildiyi sərgilərlə tanış olublar.

   Konfransda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ölkəmizdə qeyri-neft sektorunun inkişafının təmin edilməsinin və bu sahəyə investisiya qoyuluşunun Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, qeyri-neft sektorunun inkişafına səbəb olan amillərdən biri də kənd təsərrüfatının davamlı inkişafıdır. Son illər Balakən rayonunda kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Aqrar sahədə görülən işlər rayon iqtisadiyyatının inkişafına böyük təkan verib.

   Qeyd olunub ki, hazırda rayonda kənd təsərrüfatının bütün sahələrində, o cümlədən meyvəçilikdə dinamik inkişaf var. Sahibkarlar və təsərrüfatçılar üçün yaradılan əlverişli şərait rayonda meyvə bağlarının sahəsinin gündən-günə genişlənməsinə səbəb olub. Balakənin mövcud iqlim şəraiti, təbiəti, torpağı burada meyvəçiliyin inkişaf etdirilməsi üçün hər cür imkan yaradır. Balakən respublikamızda meyvəçiliyin inkişaf etdiyi rayonlardan biri kimi tanınıb. Xurma Balakəndə ən çox istehsal olunan və bol məhsul verən meyvəçilik sahələrindən biridir. Balakən xurması dadına, növlərinin sayına, keyfiyyətinə görə həmişə fərqlənib. Hazırda rayonda 843 hektar xurma bağı var. 2017-ci ildə bağlardan 14,5 min ton xurma tədarük olunub.

   Prezident İlham Əliyevin tövsiyəsi ilə ötən il rayonda “Balxurma” MMC-nin meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinin fəaliyyətə başlaması, həmçinin “Balacans” konserv zavodunun nəzdində “Balakan Foods” müəssisəsinin yaradılması nəticəsində rayonda bu sahəyə maraq artıb. Bu müəssisələrdə istehsal üçün meyvələr sakinlərin şəxsi xurma bağlarından yığılır, tam gigiyenik və ekoloji cəhətdən təmiz məhsul istehsal edilir. Xurma məhsulu qablaşdırılmış formada daxili bazara, həmçinin MDB, Avropa və ərəb ölkələrinə ixrac olunur. Bu müəssisələrin fəaliyyətə başlaması nəticəsində 200-dək sakin işlə təmin edilib.

   Konfransda xurmanın insan sağlamlığı üçün əhəmiyyətindən də ətraflı bəhs edilib. Bildirilib ki, Balakəndə giləmeyvənin Şərq xurması (xirnik) növü daha geniş yayılıb. Bu xurmanı səciyyələndirən başlıca xüsusiyyətlərdən biri tərkibinin yodla zəngin olmasıdır. Ona görə də xurma zob xəstəliyinin müalicəsində təbii, ekoloji təmiz qida məhsulu kimi istifadə olunur. Xurmanın başlıca faydası ürək-damar sistemi xəstəliklərində istifadə olunan bitki şəkəri ilə zənginliyidir. Ona görə də qan təzyiqi olan xəstələrin yemək rasionuna xurmanın daxil edilməsi məqsədəuyğundur. Gün ərzində 3-4 ədəd xurma yeyilsə, qan təzyiqini dərmanların köməyi olmadan da tənzimləmək mümkündür. Xurma, həmçinin qan azlığının yüksəlməsində, ateresklerozun müalicəsində də geniş istifadə olunur.

   Elmi-praktiki konfransda rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov, “Rayyan” MMC-nin direktoru Məhəmməd Bazarov, “Balxurma” MMC-nin məsul nümayəndələri Elnur Sadıqov, Fuad İsgəndərov, həkim-endokrinoloq İlahə Ustayeva və başqaları mövzu ilə bağlı çıxışlar ediblər.

 

 

Keçidlər