Balakən rayonunda kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “1 noyabr-Kənd Təsərrüfatı işçilərinin Peşə Bayramı” münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəsti qoyub, ruhuna ehtiramlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin, Balakən rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul əməkdaşlarının, bələdiyyələrin, qabaqcıl fermerlərin, təsərrüfat rəhbərlərinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, kənd təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Hər il noyabrın 1-nin respublikamızda Kənd təsərrüfatı işçiləri günü kimi qeyd olunmasını dövlətimizin başçısının bu sahədə çalışanlara diqqət və qayğısının daha bir bariz nümunəsi olduğunu vurğulayan icra hakimiyyətinin başçısı, son illər kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
İslam Rzayev vurğulayıb ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəti ilə bağlı imzaladığı sərəncamlar, habelə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda da aqrar sahənin inkişafına güclü təkan verib, ənənəvi kənd təsərrüfatı sahələri olan tütünçülüyün, baramaçılığın, fındıqçılığın, qarğıdaçılığın və meyvəçiliyin inkişafı üçün möhkəm zəmin yaradıb.
Tədbirin sonunda rayonda aqrar sahənin inkişafındakı xidmətlərinə görə Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Turac Səfərli və Talalar bələdiyyəsi Nurlan Əhmədov Balakən rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif olunublar.