Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib.

06 noyabr 2018 | 16:00

   06 noyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Şərif kəndində növbəti səyyar qəbul keçirib. Yeni inşa olunan Şərif kənd tam orta məktəbində keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və ağsaqqallar iştirak edib.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikada, o cümlədən Balakən rayonunda həyata keçirilən layihələrdən, abadlıq və quruculuq işlərindən bəhs edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. İqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunmasına və müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsinə nail olunub.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar Azərbaycanın "Doing Business 2019” hesabatında yeni rekorda imza atması ilə nəticələnib. Hesabatda Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda ölkəmizin mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

   İslam Rzayev qeyd edib ki, Ölkəmizdə reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrin iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyənləşdirilən məqsədlərə çatmasına əhəmiyyətli töhfəsini verib.

   Azərbaycan Prezidentinin bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağı, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncam regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

   Məlumat verilib ki, 2018-ci ildə Balakən rayonunda investisiya və Dövlət Proqramlarının icrası davam etdirilib, tikinti, abadlıq-quruculuq işləri keyfiyyətlə aparılıb, rayonun inkişafını xarakterizə edən əsas sosial-iqtisadi göstəricilərdə müsbət tendensiya müşahidə olunub.

   2018-ci ilin yanvar-sentyabr aylarında rayonda istehsal edilən məhsulun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 17,5 faiz artıb. Bu dövrdə məhsul istehsalının 10,6 faizi sənayedə, 14,7 faizi tikintidə, 39,2 faizi kənd təsərrüfatı sahələrində istehsal olunub və kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılıq, tütünçülük, fındıqçılıq, meyvəçilik və qarğıdaçılıqda yüksək nailiyyətlər əldə edilib.

   Rayon rəhbəri diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.

   Qəbulda iştirak edən vətəndaşların müraciətlərini tək-tək dinləyən icra başçısı qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti tapşırıqlarını verib. Bir sıra məsələlər isə yerindəcə həllini tapıb.

Keçidlər