Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən keçirilən hüquq olimpiadasında Balakən məktəbliləri yüksək nəticələr göstərib.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ali və orta məktəblərinin tələbələri və yuxarı sinif şagirdləri arasında keçirilən, 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” mövzusunda hüquq olimpiadasına yekun vurulub.
9 noyabr 2018-ci il tarixində Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Hüquq olimpiadasının nəticələrini elan edən Konstitusiya Məhkəməsinin konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova bildirib ki, builki olimpiadada Şəki və Zaqatalada fəaliyyət göstərən 2 universitet filialının, 3 kollecin tələbələri, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının hər birindən 7 məktəb olmaqla, ümumilikdə, 28 ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirdləri iştirak ediblər. Olimpiadada şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Hər düzgün cavab 2 balla qiymətləndirilib.
Orta təhsil müəssisələri arasında rayonlararası müsabiqədə Balakən məktəbliləri daha yüksək nəticə göstərərək hüquq olimpiadasının qalibi adını qazanıblar. Sonrakı yerləri Zaqatala və Qax məktəblərinin şagirdləri tutublar. Ayrı-ayrı rayonların öz daxilində keçirilən müsabiqələrdə isə Balakən rayonu humanitar və texniki təmayüllü liseyin təmsilçiləri birinci yerə layiq görülüblər.
Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin keçirdiyi hüquq olimpiadaları tarixində ilk dəfə olaraq iştirakçılardan biri – Balakən rayonu humanitar və texniki təmayüllü liseyin şagirdi Nihat Şindiyev bütün sualları doğru cavablandıraraq 100 bal toplamağa müvəffəq olub.
Tədbirin sonunda olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.