Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın şanlı siyasi tarixinin parlaq səhifələrindən biridir.
20 noyabr 2018-ci il tarixdə Balakən rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib. Balakən rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin müdir əvəzi Jalə Hüseynova qeyd etdi ki, müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu. YAP milli maraqların keşiyində duran və vətənpərvərlik hissinin daşıyıcısı olan hər bir azərbaycanlının etibarlı partiyasına çevrildi.
Daha sonra tədbirdə çıxış edən RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov vurğuladı ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynayıb. Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir, hər bir vətəndaşın siyasi və iqtisadi iradəsinin ən yüksək formada təmin olunmasına şərait yaradır. Yaradıcısı ulu öndər olan YAP-ın fəaliyyətində Heydər Əliyev dühasının ideya və arzuları yüksək səviyyədə həyata keçirilir. Siyasi xəttinə sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları partiyanın cəmiyyətdəki mövqeyini daha da artırıb, onun ümumxalq partiyası olduğunu təsdiqləyib.
Tədbirdə çıxış edən YAP Balakən rayon təşkilatını aparat rəhbəri Ömər Osmanov partiyanın yaranma tarixi, əldə etdiyi uğurlar və rayon təşkilatının gördüyü işlər haqqında məlumat verib.
Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə nümayəndəsi Şəfəq Hacıyeva qeyd edib ki, 1993-cü ildən etibarən keçirilən bütün seçkilərin qalibi olması partiyamızın şanlı tarixinin ən yaddaqalan səhifələridir. Qürur hissi ilə deyə bilərəm ki, nə bu gün, nə də gələcəkdə ölkənin siyasi həyatını və perspektivlərini Yeni Azərbaycan Partiyasından ayrı təsəvvür etmək mümkün deyil. Onun siyasi çəkisi, nüfuzu, sanbalı, dövlətçiliyə və Heydər Əliyev ideyalarına dərin sədaqəti ciddi və heç zaman dəyişməyən siyasi mövqe kimi formalaşıb.
Balakən rayon Gənclər Evi Sosial Xidmət Müəssisənin direktoru Tale Şahverdiyev bildirib ki, Azərbaycan cəmiyyətinin hər bir təbəqəsindən olan insanları öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası da gəncliyin inkişafına xüsusi həssaslıqla yanaşır, bu istiqamətdə həyata keçirilən layihələr və tədbirlər dövlət gənclər siyasətinə mühüm dəstək kimi çıxış edir. YAP-ın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması məqsədilə mühüm tədbirlərin həyata keçirilməsidir.
Daha sonra çıxış edənlər rayon təşkilatının yaradıldığı dövrdəki ictimai-siyasi vəziyyət və çətinliklərdən bəhs edərək bu gün ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyaları nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini qeyd ediblər. Bildiriblər ki, YAP qarşısında duran - Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyatın yaradılması kimi əsas vəzifələri uğurla yerinə yetirib.