Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib.

22 noyabr 2018 | 16:00

   Balakən rayonu “Qubek” otelinin akt zalında ədliyyə işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Balakən Rayon Məhkəməsinin və rayon ərazisində yerləşən ədliyyə orqanlarının bir qrup işçisi iştirak edib.

   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirmiş və onun cəmiyyətdə rolunu yüksəltmişdir. Ulu öndər Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

   Balakən Rayon Məhkəməsinin hakimi Hümbət Səlimov qeyd edib ki, ədliyyə sahəsində əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük marağa səbəb olur. Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.

   Yığıncaqda ədliyyənin fəaliyyətinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunub.

   Tədbirin sonunda Ədliyyə sistemi sahəsində səmərəli fəaliyyətinə görə, 22 noyabr - Ədliyyə işçilərinin peşə günü münasibəti ilə Balakən Rayon Məhkəməsinin 2 əməkdaşı Balakən rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.

Keçidlər