Balakəndə tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir.
Bu il Balakən rayonunun təsərrüfatlarında 535 hektar tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 475 hektarda “Virciniya” növ, 56 hektarda yerli “immuniy”, 4 hektarda isə “Berley” növ tütün becəriblər. Hazırda təsərrüfatlarda tütün yığımı başa çatmaq üzrədir. Fermerlər bu günədək 550 ton quru tütün istehsal etmişlər.
Rayonda cari təsərrüfat ilində istifadəyə verilmiş 560 ton istehsal gücü olan 60 ədəd tütünqurutma kamerasından ibarət tütün istehsalı və emalı məntəqəsi balakənli fermerlərin işini xeyli asanlaşdırıb. Onlar yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün uzun məsafə qət edərək qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalmadılar. Bu isə, öz növbəsində, vaxt itkisinin və əlavə xərclərin qarşısını almaqla, məhsulun keyfiyyətinin aşağı düşməsinin qarşısını aldı. Mövsümün qızğın çağında məntəqə gün ərzində 50-60 ton yaş tütün qəbul etmişdir. Hazırda məntəqədə olan 60 ədəd tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir.
2018-ci təsərrüfat ilində tütün istehsalında fərqlənən istehsalçılardan Püştətala kəndindən olan fermer Şamsu Bayramovanı (296,0 ton yaş tütün), Qazma kəndindən Tahirli Ceyhunu (264,8 ton yaş tütün), Talalar kəndindən İmran Cumayevi (201,5 ton yaş tütün) və digərlərinin qabaqcıl təsərrüfatçılar kimi göstərmək olar.
Yaşıl tütünün bir kiloqramının satış qiyməti birinci növ üçün 25, ikinci növ üçün 17, üçüncü növ üçün isə 10 qəpikdir.
Eyni zamanda rayonda 56 hektarda yerli “immuniy”, 4 hektarda isə “Berley” növlü tütün əkilmişdir ki, bu növ tütünü əkən təsərrüfatçılar istehsal etdikləri 60 faiz tütünü tədarük məntəqələrinə quru halda təhvil vermişlər, qalan tütünləri isə hazırda evlərdə ənənəyə uyğun ipə düzərək qurudurlar.
Xüsusilə qeyd etmək lazımdır tütünçülüyün inkişafı həmçinin əhalinin məşğulluğuna da öz müsbət təsirini göstərmişdir. Artıq hər bir kəndli anlayır ki, torpaqdan səmərəli istifadə etməklə öz məşğulluğunu təmin edə bilər. Rayonda cari mövsümdə 1715 nəfər əhalinin məşğulluğu təmin edilmişdir.