Balakəndə Beynəlxalq Əlillər Günü qeyd olunub.
Balakəndə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə əlil şəxslər və onlara xidmət göstərən təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev əlillərin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, dövlətimiz tərəfindən əlillərin problemlərinin həlli üçün bütün zəruri tədbirlər həyata keçirilir. Əlillərin rifahının, mənzil–məişət şəraitinin yaxşılaşdırılması, onların müalicəsi, gündəlik məişət problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.
Bayram tədbirində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin müdiri Hüseyn Razıyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Cavanşir İsmayılov, mərkəzi rayon xəstəxanasının baş həkimi Dilbər Quliyeva, rayon Ağsaqqallar şurasının sədri Rəşid Musayev, rayon ağsaqqalı Xəlifə Mirəliyev Prezidenti İlham Əliyevin əlillərə göstərdiyi diqqət və qayğıdan danışıb, bu istiqamətdə Balakən rayonunda görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Tədbirdə rayon mədəniyyət işçilərinin ifasında səsləndirilən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.