Növbəti səyyar qəbul Qullar kəndində keçirilib.
06 dekabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Qullar kəndində növbəti səyyar qəbul keçirib.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikada, o cümlədən Balakən rayonunda həyata keçirilən layihələrdən, abadlıq və quruculuq işlərindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə Azərbaycanda aparılan islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.Regionların sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramlarının icrası nəticəsində qeyri-neft sektorunun inkişafı məşğul əhalinin sayının artması və iqtisadi inkişafın coğrafiyasının genişlənməsi ilə müşahidə edilib. Bu gün ölkədə hər yeni açılan dörd iş yerindən üçü bölgələrin payına düşür.
İslam Rzayev qeyd edib ki, ölkəmizdə reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrin iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyənləşdirilən məqsədlərə çatmasına əhəmiyyətli töhfəsini verib. Cari ildə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilir. Rayon ərazisində su xətləri yenilənir, magistral yollarda və rayon daxili küçələrdə asfaltlanma işləri aparılır.
Rayon rəhbəri diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.
Qəbulda iştirak edən vətəndaşların müraciətlərini tək-tək dinləyən icra başçısı qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti tapşırıqlarını verib