Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayanır.

11 dekabr 2018 | 16:00

   11 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Balakən rayon YAP Qadınlar Şurasının təşkilatçılığı ilə ulu öndər Heydər Əlyevin anım günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda tədbir keçirilib. Tədbirdə həmçinin mənalı ömrünü xalqına, Vətəninə həsr etmiş, ulu öndər Heydər Əliyevin fəaliyyətinin birinci mərhələsində onun tapşırığı və etimadı ilə 14 il müxtəlif rayonlarda partiya komitəsinin birinci katib vəzifəsində çalışmış, fədakar əməyinə görə Prezident təqaüdünə layiq görülmüş Səfiyyə Dibirovanın anadan olmasının 85 illik yubileyi qeyd olunub.

   Tədbirdə məruzə ilə çıxış edən Balakən rayon YAP Qadınlar Şurasının sədri Züleyxa Dibirova qadınların cəmiyyətdə yeri və rolu barədə danışıb, onların rayonun ictimai-siyasi və mədəni həyatında tutduqları mövqe və əldə etdikləri nailiyyətlərdən söhbət açıb.Ulu öndər Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini bildirən Z.Dibirova məhz ulu öndərimiz tərəfindən 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalandığını, Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, 1998-ci ilin sentyabrında isə Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırıb.

   Balakən RİHB-nın müavini Nəzakət Rüstəmova bildirib ki, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Milli dövlət quruculuğunun ən müxtəlif sahələrində böyük xidmətlər göstərən qadınlarımız, eyni zamanda, ictimai-siyasi proseslərin fəal iştirakçılarıdır. Azərbaycanda qadınlar həmişə özlərini sözün həqiqi mənasında cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər. Bu, Heydər Əliyev siyasətinin tərkib hissəsidir. Balakəni ölkəmizə tanıdan ziyalı qadın Səfiyyə Dibirovanın ictimai-siyasi fəaliyyəti haqqında məlumat verən N.Rüstəmova onun öz zəhməti ilə ucalan, Vətənini və millətini hədsiz dərəcədə sevən, ədalətli, məsuliyyətli vəzifə sahibi əsl Azərbaycan qadını olduğunu vurğulayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev Səfiyyə xanımın fəaliyyətini yüksək dəyərləndiriblər. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə o, müxtəlif ali dövlət mükafatlarına, orden və medallara layiq görülüb.

   Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatal Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Gövhər İbrahimova Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayandığı bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.

   Daha sonra tədbirdə çıxış edənlər-Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Tamara Əliyeva, rayonda yüksək vəzifələrdə işləmiş Ruqiyyə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Solmaz Elqızı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin müdiri Hüseyn Razıyev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zümrüd Dibirova və rayon humanitar və texniki təmayüllü liseyin müəllimi Əsiyyət Paçalova ulu öndər Heydər Əliyevin qadınların dövlət sturukturlarında, parlamentdə və digər ictimai-siyasi təşkilatlarda geniş təmsil olunmasına xüsusi diqqət yetirdiyini bildirib və Səfiyyə Dibirova haqqında xatirələrini bölüşüblər.                                                        

Keçidlər