Təsərrüfatçılar tərəfindən tütün şitilləri yetişdirmək üçün sadə istixanaların hazırlanmasına başlanılıb.
Balakən rayonunda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanmasına başlanılıb və indiyədək 660-dək istixana hazırlanıb. Yaxın günlərdə hər bir təsərrüfatçıya məhsuldar toxumlar paylanılacaq.
İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək. Sadə istixanaların hazırlanması davam etdirilir.
Xatırladaq ki, 2018-ci təsərrüfat ilində 535 hektar olmaqla 475 hektar sahədə “virciniya”, 4 hektar sahədə “berley”, 56 hektar sahədə isə ənənəvi yerli növ tütün əkilmiş, tütün istehsalçıları və emal müəssisələri arasında müqavilələrin bağlanılması təmin edilmişdir. Yola saldığımız təsərrüfat ilində rayon üzrə cəmi 643 ton quru tütün təhvil verilmişdir ki, bu da əvvəlki ildən 2 dəfə artıq olmuşdur. Eyni zamanda hər hektardan məhsuldarlıq 12 sentner təşkil etmişdir. Əlbətdə bu göstəricilərin 2017-ci ildən 2 dəfə artıq olmasına səbəb rayonda aqrar siyasətin düzgün istiqamətləndirilməsi ilə bərabər, cənab Prezidentin tapşırığına əsasən rayonda yeni istifadəyə verilmiş tütün qurutma məntəqəsinin tam gücü ilə istehsalçılara xidmət etməsi olmuşdur. 2018-ci ildə rayonun Hənifə kəndi ərazisində tütünçülüyün inkişafına əhəmiyyətli töhfə olan 60 kameralı tütün qurutma məntəqəsi tikilərək istifadəyə verilmişdir. Yeni iş yerləri açılmaqla əhalinin məşğulluğunun təmin olunmasına və bu sahədən daha çox gəlir əldə edilməsinə şərait yaradan qurutma məntəqəsində 90 nəfərdən çox rayon sakini işlə təmin olunmuşdur.
Cari təsərrüfat ilində də rayonda tütünçülüyün inkişafı əsas hədəflərimizdəndir.