Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonununda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.

05 fevral 2019 | 16:00

      Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları əvvəlcə "Qubek" otelinin foyesində təşkil olunmuş rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının, sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra 2018-ci ildə Balakən rayonunda görülmüş işlərə həsr olunan video-çarx nümayiş etdirilib.

   Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev geniş hesabat məruzəsində bildirib ki, 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrası nəticəsində rayon üzrə son 5 ildə ümumi məhsul buraxılışı 42,0 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 22,7 faiz, sənaye məhsulu istehsalı 4,2 dəfə, tikinti işlərinin həcmi 2,8 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 45,7 faiz, pərakəndə ticarət dövriyyəsi 56,2 faiz artmışdır.

   Son 5 ildə 700 şagird yerlik 4 məktəb binası, 190 uşaq-yerlik 4 uşaq bağçası tikilmiş, 450 şagird yerlik 1 məktəb binası, 35 yerlik 1 uşaq bağçası əsaslı təmir olunmuş, mədəniyyət mərkəzi, inzibati binalar, yollar, körpülər tikilərək istifadəyə verilmiş, istehsal və xidmət sahələri yaradılmışdır. 2018-ci ildə Dövlət və İnvestisiya Proqramlarında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri yüksəlmiş, ümumi məhsul buraxılışı 197,0 milyon manat təşkil etmiş, 2017-ci illə müqayisədə artım 1,2 faiz olmuşdur.

   Hesabat dövründə rayonun ənənəvi kənd təsərrüfatı sahəsi hesab olunan baramaçılığın inkişaf etdirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər aparılmış, nəticədə 29,8 ton barama istehsal olunaraq təhvil verilərək proqnoza 130,3 % əməl olunmuşdur.

   Rayon fermerləri tərəfindən hesabat ilində 643,0 ton və ya 2017-ci ilə nisbətən 2 dəfə artıq quru tütün istehsal edilərək emal müəssisələrinə təhvil verilmişlər. Tütün istehsalının əvvəlki ilə nisbətən 2 dəfə artmasına ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən tikilən 60 kameralı tütün qurutma məntəqəsinin tam gücü ilə işləməsi böyük təsir göstərmişdir. Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı görülən tədbirlər tarixən qərzəkli meyvəçiliyin, o cümlədən fındıqçılığın yaxşı inkişaf etdirildiyi rayonumuzda əhalinin bu sahəyə marağını artırmışdır. Bağlardan 6,2 ton fındıq tədarük edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 900 ton və ya 17,0 faiz çoxdur.

   Diqqətə çatdırılıb ki, ötən dövr ərzində əkin sahələrinin suvarılmasının təşkili ilə bağlı suvarma kanallarında 443 min kub metr həcmində təmizləmə işləri aparılmışdır.

   Rayonda meyvəçiliyin inkişafını stimullaşdırmaq, rəqabət qabiliyyətli və ixrac yönümlü yerli məhsulların xarici bazarlarda satışını təşviq etmək, xurma və ondan hazırlanan məhsulları nümayiş etdirmək üçün ötən ilin 27-28 oktyabr tarixlərində ikinci Beynəlxalq “Xurma” festivalı keçirilmişdir. Çoxlu sayda qonağın iştirak etdiyi festival milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, həmçinin rayonda istehsal olunan digər kənd təsərrüfatı məhsullarının təbliğində önəmli rol oynayır. 2018-ci ildə Balakən 2 saylı regional “ABAD” Mərkəzi ilə əməkdaşlıq edən ailələrin sayı artırılaraq 24-ə çatdırılmışdır

   Məruzədə, həmçinin 2018-ci ildə rayonda həyata keçirilən təmir-tikinti işləri barədə məlumat verilib. 2018-ci ildə şəhər ərazisində 23 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində təmir işləri aparılmışdır.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə tikilən Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 km olan Balakən-Mazımçay hissəsinin tikintisi davam etdirilmiş, yolboyu körpülər yenidən qurulmuş, avtobus dayanacaqları, su və kommunikasiya keçidləri, yol nişanları və istiqamətləndirici lövhələrin quraşdırılmasına başlanılmışdır. Yolun tikintisi ilə əlaqədar olaraq şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya xətləri dəyişdirilmişdir. Hazırda 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun və 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi davam etdirilir. 2018-ci ildə rayonda ümumilikdə 62,6 km avtomobil yolu yenidən salınmışdır ki, bu da rekord göstəricidir.

   Ötən il həmçinin Şərif kəndində inşa edilən 360 şagird yerlik tam orta məktəbin tikintisi başa çatdırılmış və məktəb şagirdlərin istifadəsinə verilmişdir. 320 şagird yerlik uşaq incəsənət məktəbinin tikintisi başa çatdırılmış, mərkəzi xəstəxanada, 130 yerlik Qullar uşaq bağçasında təmir işləri aparılmışdır. Şəhərin Heydər Əliyev prospektində “ASAN xidmət” mərkəzinin üç mərtəbəli inzibati binasının tikintisinə başlanılmışdır.

   2018-ci ildə özünüməşğulluq proqramı çərçivəsində rayon üzrə 210 ailənin mənzil-məişət şəraitinə baxış keçirilmiş, onlardan 110 ailə xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün mal və materiallarla təmin edilmişdir.

   Hesabat dövründə rayonun ümumtəhsil məktəblərində təlimin keyfiyyət göstəricilərini əks etdirən məlumatların təhlili göstərmişdir ki, tədris ilinin sonunda rayon üzrə biliyi qiymətləndirilən şagirdlərin 99,8 faizi müvəffəq qiymət almışdır. Şagirdlərin ibtidai təhsil səviyyəsində 30 faizi, ümumi orta təhsil səviyyəsində 14,6 faizi, tam orta təhsil səviyyəsində isə 12,5 faizi tədris ilini əla qiymətlərlə başa vurmuşlar. 2018-ci ildə tam orta məktəb pilləsini bitirənlərin 336 nəfəri qəbul imtahanlarında güclərini sınamış, onlardan 235 nəfər tələbə adını qazanmışdır. 17 nəfər məzun 600-dən yuxarı, 37 nəfər isə 500-dən 600-ə qədər bal toplamışdır. 2018-ci ildə ali məktəblərə qəbul olunanlar bütün məzunların 31,3 faizini, sənəd verənlərin isə 70,0 faizini təşkil edir.

   Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən 12 noyabr-Konstitusiya gününə həsr edilmiş “Hüquqi dövlətin əsasları” mövzusunda keçirilən hüquq olimpiadasında rayonumuzun məktəblilərinin nəticəsi zona üzrə I olmuşdur. Konstitusiya Məhkəməsinin indiyə qədər keçirdiyi olimpiadalarda ilk dəfə olaraq humanitar və texniki təmayüllü liseyin şagirdi 100 sualın hər birini doğru cavablandırmışdır. İştirakçılara RİH tərəfindən hədiyyələr verilmişdir. Həmçinin “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində rayon ümumtəhsil məktəblərinin təhsildə və ictimai işlərdə fərqlənən şagirdlərinin 2018-ci ilin mart və noyabr aylarında Gəncə-Şəmkir-Göygöl və Lənkəran-Masallı-Astara rayonlarına səfərləri təşkil edilmişdir.

   2018-ci il şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdu. Yubiley ili ilə əlaqədar RİH tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq müvafiq qurumlar tərəfindən məktəblilər və gənclər arasında müxtəlif idman və bilik yarışları, rəsm və inşa müsabiqələri təşkil edilmişdir.

   2018-ci il ərzində keçirilən 36 rayon səviyyəli idman yarışları və birinciliklərdə 4091 idmançı iştirak etmişdir.

   Müşavirədə 2018-ci ildə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

   Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, Milli Məclisin deputatları Kamilə Əliyeva, Nəsib Məhəməliyev çıxış edərək 2018-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildiriblər.

   Yığıncağın sonunda hesabat ilində kənd təsərrüfatının inkişafında göstərdiyi xidmətlərə görə ölkə Prezidenti tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş fermerə mükafatı təqdim olunmuşdur.                              

Keçidlər