“Xocalını unutma”
Xocalı faciəsinin 27-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda da geniş şəkildə qeyd olunub.
Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, ümumtəhsil məktəblərində faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri, sərgilər keçirilib, mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər təşkil olunub, fevralın 26-da rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr edilib.
Faciənin ildönümü ilə bağlı Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Balakən rayonunda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib. Mərasimində çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülən işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, Ulu öndər Heydər Əliyev Xocalı soyqırımı haqqında söz açarkən demişdir ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı bir sıra ölkələrdə silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında rolu danılmazdır. Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası — Xocalı soyqırımı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.
Tədbirdə çıxış edən xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını qeyd edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Daha sonra rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Xocalı şəhərindən olan rayonumuzda məskunlaşmış ailələrin üzvləri ilə birlikdə ”Şəhidlər Xiyabanı”nda vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoyublar.
Tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş bəşəriyyət tarixinin ən böyük qətliamlarından olan Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş sərgi ilə tanış olublar. Daha sonra rayon mədəniyyət işçilərinin ifasında faciənin dəhşətli məqamlarını və erməni vandalizmini əks etdirən “Xocalını unutma” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.