Balakən rayonunda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə - sənayeləşmə siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafı və s. istiqamətlərdə bir sıra tapşırıqlar verilmişdir.
Martın 29-da Balakən şəhərində “Qubek” otelində İqtisadi İnkişaf Nazirliyi tərəfindən dövlət başçısının tapşırıqlarının icrasına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonu üzrə yerli İcra Hakimiyyətlərinin, İqtisadi İnkişaf Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak etmişlər.
Konfransı giriş sözü ilə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev respublikamızda eləcədə Balakən rayonunda dövlət proqramının icrası sahəsində görülmüş işlər haqqında məlumat vermişdir. Sonra çıxış üçün sözü İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərova vermişdir.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı iqtisadi inkişafın təmin edildiyini, yeni müəssisələrin və iş yerlərinin yaradıldığını, əhalinin həyat səviyyəsinin yüksəldiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədi ilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyev çıxışında infrastruktur layihələrinin, xüsusilə bütün kənd yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylar boyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən alternativ enerji mənbələrindən daha geniş istifadəni, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini prioritet kimi müəyyənləşdirmişdir.
Nazir müavini yerli və mərkəzi icra hakimiyyətlərinin təklifləri əsasında 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramının hazırlandığını qeyd etmişdir.
Sonra regionlarının sosial-iqtisadi inkişafına dair film nümayiş olunmuşdur.
Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda, qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd etmiş, bu sahədə həyata keçirilən tədqiqat işlərinin istehsalata tətbiqinin səmərəliliyi barədə məlumat vermişdir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların da yaxından iştirak etdiyini bildirmiş, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və ixracyönümlü məhsul istehsalına nail olmaq üçün sahibkarların işgüzar fəallığının artırılmasının zəruriliyini vurğulamışdır.
Nazirliyin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov ölkə iqtisadiyyatında və yeni müəssisələrin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində Dövlət Proqramının icrasının mühüm əhəmiyyət kəsb etdiyini və qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsini diqqətə çatdırmışdır.
Tədbirdə, həmçinin nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, xarici ticarət siyasəti və DTT şöbəsinin müdiri Bəxtiyar Alışov çıxış edərək “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Şəki-Zaqatala iqtisadi rayonu, o cümlədən Balakən rayonu üzrə sahibkarlığın prioritet inkişaf istiqamətləri və milli istehsalçıların xarici bazarlara çıxış imkanları barədə məlumat vermişlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.