Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan məktəblilərin VI spartakiadasının açılışı olub.

05 mart 2019 | 16:00

   Martın 5-də rayon məktəblilərinin ənənəvi spartakiadasına start verilib. 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan və on gün davam edəcək spartakiadada 1000 nəfərdən çox məktəbli 7 idman növü üzrə mübarizə aparacaq.

   Spartakiadanın Balakən Olimpiya İdman Kompleksində keçirilən rəsmi açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov və digər qonaqları çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə hər ilin 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman günü kimi böyük təntənə ilə qeyd olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, xalqımızın sağlamlığının qorunması və möhkəmlənməsi, gənclərimizin fiziki inkişafı, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə uca zirvələrə qaldırılması hər zaman dövlətimizin diqqət mərkəzində olub.

   Ənənəvi olaraq hər il keçirilən məktəblilərin spartakiadasının rayonda idmanın kütləviliyinin artmasına böyük töhfə verdiyi vurğulanıb.

   Təbrik və çıxışlardan sonra rayonda idmanın inkişafında xüsusi əməyi olan 10 idmançı və məşqçilərə qiymətli hədiyyələr təqdim olunub. Daha sonra idman kompleksində futbol üzrə yarışlar başlanıb. Spartakiadanın proqramına, həmçinin atletika, güləş, idman gimnastikası, boks, voleybol idman növləri üzrə yarışlar daxil edilib. Məktəblilərin spartakiadası martın 15-dək davam edəcək.   

Keçidlər