Balakəndə Yel çərşənbəsi qeyd edilib.
Rayonun Qabaqçöl qəsəbəsində Yel çərşənbəsi ilə əlaqədar bayram tədbiri keçirilib.
Əvvəlcə RİH-nin başçısı İslam Rzayev musiqi sədaları altında bayram tonqalını alovlandırıb.
Daha sonra tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən RİH-nin başçısı İslam Rzayev bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. İcra başçısı bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən,yel çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən İslam Rzayev onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Natiq qeyd edib ki, Novruz bayramını ölkəmizdə yaşayan etnik və dini müxtəlifliyindən asılı olmayaraq hər kəs ruh yüksəkliyi və sevinclə bayram edir.
Bu gün Qabaqçöl qəsəbəsi Novruz bayramını müasir siması ilə böyük təntənə və çoşqu ilə qarşılayır. Son illər dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində qəsəbə və kənddaxili yollara asfalt çəkilib,körpü salınıb, artezian quyuları qazılıb, yeni məktəb binaları və uşaq bağçaları inşa edilib. Görülmüş işlər bizləri sevindirir və gələcəyə daha nikbin, daha gözəl baxmağa ümidləndirir.
Daha sonra iştirakçıları təbrik edən Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan bəhs edib. Bildirib ki, əhalinin dövlətin qayğısına daha çox ehtiyacı olan təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkə başçısının imzaladığı sərəncamlar yüz minlərlə ölkə vətəndaşını əhatə edir və sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına şərait yaradır.
Tədbirdə yazın rəmzi olan Bahar qızın meydana gəlişi isə böyük alqışlarla qarşılanıb. Kosa və Keçəlin zarafatları, geniş musiqi proqramı ilə davam edən bayram şənliyi iştirakçılarda gözəl əhval-ruhiyyə yaradıb.