Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda əhalinin tibbi müayinəsi davam edir.

12 mart 2019 | 16:00

   Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası Balakən rayonunda mütəşəkkil davam etdirilir. Fevralın 12-də başlanan aksiya çərçivəsində indiyədək 24 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçib. Rayonun 54 yaşayış məntəqəsindən 17-də tibbi müayinələr artıq başa çatıb.

   Balakən rayonu üzrə 18 yaşdan yuxarı 61 minə yaxın insanın tibbi müayinələrə cəlb olunması nəzərdə tutulub. Müayinələrin keçirildiyi rayon mərkəzi və Qabaqçöl qəsəbə xəstəxanalarında, həmçinin 11 kənd həkim məntəqəsində aksiyanın yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Həkim briqadaları gün ərzində xəstələri pulsuz müayinədən keçirir, xəstəlik aşkarlandıqda müalicə təyin edirlər.

   Əhalinin daha çox üz tutduğu rayon mərkəzi xəstəxanası bu günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İndiyədək rayon üzrə müayinədən keçənlərin 785 nəfərinə ambulator müalicə təyin edilib, 185 nəfər stasionar müalicəyə cəlb olunub, o cümlədən 39 xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 58 nəfər Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

   Vətəndaşlar insanların sağlamlığının qorunmasına yönələn bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.                            

Keçidlər