Balakən məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa istiqaməti üzrə tur-aksiyaya başlayıblar.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində martın 15-də səhər saatlarında Balakən rayonunun fəal məktəblilərindən ibarət qrup respublikamızın qərb bölgəsinə yola salınıb.
Bayraq Muzeyinin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini veriblər.Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən tur-aksiyaların böyüməkdə olan gənc nəslin vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırılıb ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin və qərb bölgəsinin rayonlarının zəngin və çoxəsrlik tarixi, son illərdə keçdiyi sürətli inkişaf yolu, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. Məktəblilər, eyni zamanda, marşrut boyunca yerləşən şəhər və rayonlarımızda aparılan tikinti-quruculuq işlərinin, iqtisadi tərəqqinin canlı şahidi olacaq, yurdumuzun gözəlliklərini əyani şəkildə görəcəklər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə yola düşüblər.