Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Novruz bayramı qeyd edildi.

19 mart 2019 | 16:00

   19 mart 2019-cu il tarixdə Balakəndə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzinin qarşısında xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

   Bayramda rayon İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri, eləcə də rayon sakinləri iştirak edirdi. Novruzun gəlişini tərənnüm edən atributlarla bəzədilmiş məkanda keçirilən bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib.

   Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev Novruz bayramı münasibəti ilə öz təbriklərini çatdırıb. Hər bir ailəyə ruzi, bərəkət, sevinc arzulayan icra başçısı, rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını bir daha yada salıb. Bildirib ki, bundan sonra da rayonun sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaq, tikinti-abadlıq və quruculuq işləri davam edəcək.

   İncəsənət ustalarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan mahnılar və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

   Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Milli paltar geyinmiş qızlar meydanın mərkəzində dövrə vuraraq yallı gediblər. Bakıdan dəvət olunmuş incəsənət ustalarının çıxışları sakinlərin ürəyincə olub.

   Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan sakinlər tərəfindən böyük coşğu ilə qarşılanıb. Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə Prezident İlham Əliyevə minnnətdarlıqlarını ifadə edərək respublikanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına uğurlar arzulayıblar.                                  

 

 

Keçidlər