31 mart soyqırımı tariximizin qanlı səhifəsidir.
Martın 31-də Balakən rayonunda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüb, onların xatirəsini ehtiramla yad ediblər.
1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, soyqırımına məruz qalması XX yüzillikdə dünya tarixinin qanlı səhifələrindən biri hesab olunur.
Tədbirdə iki yüz ilə yaxın müddətdə ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, törətdikləri faciələr bir daha xatırlanıb, Ermənistanın bu gün də davam edən təcavüzkarlıq siyasəti qətiyyətlə pislənilib. Erməni millətçilərinin bu məkrli siyasəti nəticəsində yüz minlərlə günahsız soydaşımızın qətlə yetirildiyi qeyd olunub.
Xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində son illər Prezident İlham Əliyev tərəfindən məqsədyönlü iş aparılır.