YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
2019-cu il may ayının 1-də “Qubek” otelində Azərbycan Respublikası dövlət himninin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Balakən RİHB-nın I müavini, YAP Siyasi Şurasının üzvü, partiyanın Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, ölkəmizdə gənclər siyasətinin formalaşdırılması müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyinə diqqət və qayğının davamlılığının nəticəsidir ki, hazırda onlar ictimai həyatın bütün sahələrində fəal iştirak edir, cəmiyyətin avanqard qüvvəsinə çevriliblər. Azərbaycan müstəqillik qazandıqdan, ən əsası ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, sıralarını gündən-günə kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasında gənclərə fəaliyyətlərini daha da genişləndirmələri üçün lazımi şərait yaradılıb.
Sonra YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev IV konfransdan ötən müddətdə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev vurğulayıb ki, bu gün gənclərimiz bütün sahələrdə fəallıq nümayiş etdirir, yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın daha da qüdrətlənməsinə töhfələrini verirlər. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında böyük çoxluq təşkil edirlər. Partiyanın 730 mindən artıq üzvünün 40 faizdən çoxunu gənclərin təşkil etməsi onların ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlərinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərinin, onun ətrafında sıx birləşərək gələcəyə daha böyük inamla baxmalarının göstəricisidir.
Milli Məclisin deputatı Kamilə Əliyeva gənclərin inkişafına xidmət edən dövlət proqramlarının qəbulunu, Gənclər Fondunun yaradılmasını, Gənclər üçün Prezident Mükafatının təsis edilməsini onlara göstərilən diqqətin göstəricisi kimi qeyd edib.
Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış gənc nəslin dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensiallarını artırmaq üçün daha geniş imkanlar əldə etdiklərini diqqətə çatdırıb. Bildirib ki, Balakənin gənc YAP-çıları ulu öndər Heydər Əliyevin ideyalarının davamçıları olmaqla hər zaman rayonun ictimai-siyasi həyatında öz fəallıqları ilə seçiliblər və rayonunun əldə etdiyi bütün uğurlarda, nailiyyətlərdə hər zaman ön sıralarda yer alıblar. İslam Rzayev YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin özünün uğurlu fəaliyyəti ilə hər zaman seçiləcəyinə və ulu öndər Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə davam etdirəcəyinə əminliyini ifadə edib.
Sonra təşkilatı məsələlərə baxılıb. Nurlan Şibliyev YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. YAP Balakən rayon təşkilatı Gənclər Birliyi Şurasının tərkibi müəyyənləşib. YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.