Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb.
10 may 2019-cu il tarixində müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü Balakən rayonunda silsilə tədbirlərlə qeyd edilib. Əvvəlcə balakənlilər səhər saatlarından başlayaraq ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar və gənclər iştirak ediblər.
Sonra isə Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan danışıb. Bildirib ki, xalqın əbədi məhəbbətini qazanmış Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi öz yerini tutmuşdur. Onun parlaq ideyaları hər zaman gələcəyə gedən yollarımıza işıq salacaqdır. Heydər Əliyev misilsiz xidmətlərinə görə Vətəni, xalqı üçün əziz olmuşdur. Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu əsərin qorunması, inkişaf etdirilməsi vəzifəsini Prezident İlham Əliyev çox böyük ləyaqətlə və bacarıqla həyata keçirir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə keçəcəkdir. Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayaraq gələcək nəsilləri üçün əbədi örnək olacaqdır.
Tədbir rayonun mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.