Şriftin ölçüsü :

Saytın rəngi :

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə.

21 may 2019 | 16:00

   Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu olub.

   Bayram tədbiri mayın 21-də Balakən şəhərində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında təşkil edilib. Festivalın rəsmi qonaqlarını Balakəndə yaşayan azsaylı xalqların rəqs qrupları “Yallı” rəqsi ilə qarşılayıb. Rayonun mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Nənələr və nəvələr”, “Eday”, “Xınayaxdı” və “Buta” folklor qruplarının çıxışları festivala əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Şəki pəhləvanları öz güclərini nümayiş etdiriblər.

   Sonra festival iştirakçıları Mədəniyyət Nazirliyinin regional idarələri tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə tanış olublar. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib.2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.

   Festivalda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev müstəqil Azərbaycan dövlətinin apardığı siyasətin əsas istiqamətlərindən birini milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə olan doğma münasibətin təşkil etdiyini bildirib. Vurğulayıb ki, Balakən ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Xalqımıza, xüsusilə bölgəyə məxsus olan, uzun tarixi yol keçib gələn adət-ənənələlər, folklor nümunələri bu gün də burada yaşamaqdadır. Qədim mədəniyyətə, xalq yaradıcılığına, çoxsaylı abidələrə malik olan Balakəndə qiymətli maddi-mədəni incilər və xalq sənəti örnəkləri layiqincə qorunub saxlanılır.

   İ.Rzayev qeyd edib ki, festivalın keçirilməsi rayon üçün mühüm tarixi hadisə və hərtərəfli önəm daşıyan böyük layihədir. i Festival Balakənin tarixinin, folklorunun, incəsənətinin və milli mətbəximizin tanınmasına əhəmiyyətli təsir göstərəcək və nümayiş etdirilən sənətkarlıq, musiqi nümunələri hər birimizi keçmişə qayıtmağa, milli mədəniyyətimizin zəngin çalarlarından bəhrələnməyə imkan verəcəkdir.

   Yaradıcılıq festivalının bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

   Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfədir keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmasına imkan yaradıb. Festival bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.                                                

Keçidlər