Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni təmir olunan Qullar kənd uşaq bağçası-körpələr evinin açılışı mərasimi keçirilib.

29 may 2019 | 16:00

   Mayın 29-da ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində təmir edilən Qullar kənd uşaq bağçası-körpələr evinin açılışı mərasimi baş tutub. Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) və Qullar kənd icmasının birgə fəaliyyəti nəticəsində bağçada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb.

   Açılış mərasimində çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafı üçün mühüm tədbirlər görülüb. Respublikamızda 100-lərlə uşaq bağçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə əsaslı təmiri ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açıb. Bağçanın təmir olunmasının əhəmiyyətinə diqqət çəkən İslam Rzayev bu münasibətlə pedaqoji kollektivi və kənd sakinlərini təbrik edib.

   Vurğulayıb ki, bağçanın təmir olunması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində icra edilən layihələrdən sadəcə biridir. Məlumat verilib ki,birgə fəaliyyət nəticəsində Qazma kəndində kiçik yem istehsalı müəssisəsinin inşası layihəsi artıq başa çatıb, Gərəkli kəndində yeni inkubasiyanın yaradılması işləri davam etdirilir.

   Tədbirdə çıxış edən USAİD Missiya Direktorunun baş məsləhətçisi Riçard Bayes layihələrin insanların öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlmiş səylərinə dəstək göstərmək məqsədi daşıdığını bildirib, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

   Daha sonra bağçanın təmirdən sonra açılışını bildirən rəmzi lent kəsilib.                         

Keçidlər