Balakəndə terrorçuluqla mübarizədə gənclərin fəallığının artırılması məsələləri müzakirə edilib.
İyunun 13-də Balakən şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında konfrans keçirilib.
Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, eləcə də gənclər və qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin təmsilçiləri iştirak ediblə Tədbir iştirakçıları əvvəlcə mədəniyyət və istirahət parkında dağüstü yüksəklikdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Konfransın əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev konfransı açaraq, gənc nəslin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
DTX BATM-in rəisi Rəşad Camalov konfransın məqsədi və Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, konfransın əsas məqsədi müstəqil Azərbaycanın təhlükəsizliyinin, xalqımızın maraqlarının qorunmasında, cəmiyyətə yad təsirlərin qarşısının alınmasında, terrorçuluğa qarşı mübarizədə əhalinin, xüsusilə də gənclərin iştirakını, bu işlərə töhfə vermək əzmini daha da artırmaqdan ibarətdir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Tural Məmmədovun “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” mövzusunda məruzəsində terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlərdən, həmçinin terrorizmin beynəlxalq coğrafiyasından, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində görülən işlərdən ətraflı bəhs olunub.
Bildirilib ki, respublikamızın təhlükəsizliyinin möhkəmləndirilməsi işinin daha da yüksəldilməsi baxımından milli maraqların və milli mənafelərin keşiyində ayıq-sayıq durmaq, Azərbaycanın hərtərəfli inkişafı üçün daha təhlükəsiz şəraiti təmin etmək digər aidiyyəti dövlət orqanları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin də üzərinə düşən ən ümdə vəzifədir.
Sonra məruzəçi xarici xüsusi xidmət orqanlarının informasiya toplama üsulları, onların sosial şəbəkələr vasitəsilə kəşfiyyat fəaliyyəti, dezinformasiya, separatçılıq anlayışı, erməni terrorunun acı nəticələri, terrorçuluqla mübarizə üzrə nəzərdə tutulan tədbirlər, DTX tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri barədə geniş məlumat verib. Qeyd olunub ki, müasir dövrdə terrorçuluq bütün dövlətlər üçün təhlükə mənbəyidir. Azərbaycan Respublikası da terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Hazırda regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir.
Diqqətə çatdırılıb ki, son illər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı yönəlmiş təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətində davamlı və effektiv tədbirlər görülür.
Konfransda DTX-nin əməkdaşı Azər Əfəndiyev “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti də yaxından iştirak edir. Terrorçuluqla mübarizənin səmərəliliyinin artırılması, yetişməkdə olan nəslin yad təsirlərdən qorunması məqsədilə gənclər arasında geniş maarifləndirmə tədbirləri reallaşdırılır. Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.
Qeyd olunub ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gənclərin vətənpərvərlik ruhunda yetişmələri, onların Vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunmaları istiqamətində çoxsaylı proqram və layihələrin həyata keçirilməsinə daim xüsusi önəm verirlər. Son illər yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərə bağlılığın daha da güclənməsi məhz bu istiqamətdə görülən işlərin nəticəsidir. Lakin bu məsələdə hər bir vətəndaş ayıq-sayıq olmalı, görülən işlərə fəal töhfə verməlidir.
Çıxışlardan sonra Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətini əks etdirən film nümayiş olunub. Filmdə xüsusi qeyd edilib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-xidməti fəaliyyəti müasir beynəlxalq təcrübənin müsbət nəticələrinin tətbiqi əsasında təkmilləşir. Ümummilli lider Heydər Əliyev kimi dahi bir şəxsiyyətin peşəkarlıq irsinə söykənən dövlət təhlükəsizliyi orqanları bu gün Ali Baş Komandanın müdrik rəhbərliyi ilə həyata keçirilən fəal hüquq-mühafizə siyasəti nəticəsində ölkənin milli maraqlarının qorunması və hərtərəfli təmin olunması istiqamətində bütün imkan, qüvvə və intellektual potensialını səfərbər ediblər.